Həftənin "proqnozu" - HƏFTƏ-REYTİNQ

22:08 05.12.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Demokrat Co Bayden ilin sonunadək ABŞ-da COVID-19-dan daha 250 min amerikalının ölə biləcəyini deyib. Bu barədə o, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatından sonra proqnoz verib. Hesabata əsasən, fevral ayına kimi ABŞ-da koronavirusa görə təxminən 450 min insan ölə bilər.

 

Həftənin "koronavirus xəstəsi"

FİFA-nın sabiq prezidenti Yozef Blatter koronavirusdan sağalıb.Bu barədə 84 yaşlı sabiq rəhbər "The Athletic"ə açıqlamasında deyib. Blatter onda heç bir əlamət olmadığını və  özünü yaxşı hiss etdiyini bildirib. Qeyd edək ki, Y.Blatter 1998 - 2015-ci illərdə FİFA-nın prezidenti olub.

 

Həftənin "vitse-prezidenti"

İranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib. Sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib. Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.

 

Həftənin "möcüzəsi"

ABŞ-da 1992-ci ildə dondurulan embrion sayəsində uşaq sahibi olan Tina və Benjamin Gibson bir ailə olaraq yeniliyə imza atıblar. "New York Post" xəbər verir ki, Gibsonun körpəsi Molli tibbi ədəbiyyata canlı doğuşu həyata keçirilən ən uzun donmuş embrion kimi daxil olub. Digər tərəfdən, 29 yaşlı ana ilə qızı arasında texniki olaraq bir il yaş fərqi var.ABŞ-ın Tennessi ştatında yaşayan Tina 2017-ci ilin noyabrında 24 il əvvəl donmuş embriondan Emmanı dünyaya gətirib. Embrionların ikiqat dondurulduğunu öyrəndikdən sonra sağlam şəkildə yaşayan Emmaya bacı istəyən cütlük yenidən Milli Embrion İanə Mərkəzinə (NEDC) gedərək bu ilin oktyabr ayında digər embriondan başqa bir uşaq sahibi olublar.

 

Həftənin "modeli"

Misirdə qəribə həbs baş verib. Digər ölkələrdə adi hal sayılacaq bir hərəkət bu ölkədə cinayət işinin açılması ilə nəticələnib. Belə ki, gənc qadın fotomodel firon libası geyinərək müvafiq atributlarla, heç bir əxlaqi normalardan kənara çıxmadan fironların qədim Şaqqara sarayının qarşısında şəkil çəkdirib və sosial şəbəkələrdə yayıb. Bundan sonra fotomodeli və fotoqrafı Misirdə fəaliyyət göstərən arxeoloji abidələr üzrə polis bölməsinin əməkdaşları saxlayıblar. Onların barəsində Misirin qədim tarixi abidələrini təhqir etmə maddəsi üzrə cinayət işi açılıb.